Partlayış nəticəsində S. S. Axundov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşıb. Ətrafdakı köməkçi yollar da bağlanıb. Hadisə yerində növbəti partlayış riski olduğundan və qaz sızması hələ də davam etdiyindən ətrafa toplanan insanlar bir qədər də kənara uzaqlaşdırılıb.
Tikilinin yaxınlığında yerləşən “Şahənşah” restoranın sahibi açıqlama verərək bildirib ki, onlara 15 min manatdan artıq ziyan dəyib.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Cahangir Qulamov hazırda hadisə yerindədir. O hadisə ilə bağlı hələlik dəqiq bir söz deyə bilməyəcəyini, araşdırmalar aparıldığını bildirib. Qeyd edək ki, C. Qulamovla yanaşı, Binəqədi rayon polis idarəsinin rəisi, icra başçısının müavinləri də hadisə yerindədir.
Yol hələ də bağlıdır. Rəsmilər qazın yanıb qurtarmasını gözləyirlər. Bundan sonra hadisə yerinin kəşfiyyatına başlanacaq.
***
11:54
“Azadlıq prospekti” yaxınlığında baş verən partlayış metrostansiyanın giriş - çıxışından təxminən 20 metr məsafədə baş verib. Hadisə baş verən ərazi hüquq mühafizə orqanları tərəfindən mühasirəyə alınıb”.
Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, heç kəs yaxına buraxılmır. Hadisə yerində yanğın davam edir: “Partlayış o qədər güclü olub ki, yaxınlıqdakı şadlıq evlərinin, binalarının pəncərələri sınıb. Yarımçıq tikilinin üstündəki daşlar ətrafa səpələnib. Yüngül xəsarət alanlar var”.
Metropoliten əməkdaşlarının Lent.az-a bildiridiyinə görə, partlayış o qədər güclü olub ki, metrostansiya da silkələnib. Onlar əvvəlcə hadisənin metroda baş verdiyini ehtimal ediblər.
Hazırda hadisə yerində yüzlərlə insan var.