Bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi (İAQMBİ) Bakıda özbək qadınları cinsi istismara məruz qoyan şəxslərlə bağlı məlumat yaymışdı. Lent.az-ın vesti.az-a istinadən məlumatına görə, həmin xəbərdə əməliyyat nəticəsində özbək qadınları fahişəliyə cəlb edən Xəzər rayon sakini İradə Qəmbərovanın saxlanıldığı barədə bildirilirdi.
Bu gün İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi İradə Qəmbərovanın həbsinin təfərrüatları barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, İradə Qəmbərova keçən həftə Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs olunub. İ. Qəmbərovanın birgə yaşadığı və cinayətdə şərik olduğu Ağdam sakini Elnur Rafiqov da cinayət məsuliyyətinə cəlb olunub. E. Rafiqov özbək qadınların Azərbaycana gətirilməsi ilə birbaşa məşğul olub.
Belə kii, insan alveri ilə məşğul olan cütlük özbək qadınlara hədə-qorxu gələrək onların pasportlarını müsadirə ediblər. Bundan sonra şəhərin müxtəlif yerlərində kirayələdikləri mənzillərdə həmin qadınları məcburi qaydada fahişəliyə cəlb ediblər və əldə edən gəliri özlərinə götürüblər.
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi araşdırmaları davam etdirir.