Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Samirə Usubovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı sentyabrın 29-a təyin olunub.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi bu il martın 9-da Binəqədi rayonunun Ə.Naxçıvani küçəsində baş verib. Gürcüstan vətəndaşı Samirə Usubovanın idarə etdiyi “Toyota” və Bakı şəhər sakini Həsənağa Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşduqdan sonra idarəetməni itirib. S.Usubova avtomobilini yolun kənarında dayanmış İntiqam Xəlilova məxsus “Hyundai”, Kamil Məmmədova məxsus “BMW” və Göyçay rayon sakini Seymur Vəliyevə məxsus “KİA” markalı avtomobillərə çırpıb, habelə hadisə yerinin yaxınlığından keçən Abşeron rayon sakini Şöhrət Orucovu vurub. Xəstəxanaya yerləşdirilən Ş.Orucov orada ölüb.