GÜNÜ ŞƏRHİ
Çin və formal olaraq bu dövlətin tərkib hissəsi olan, əslində isə de-fakto müstəqilliyə sahib Tayvanın rəhbərləri arasında görüş keçirilməsi tarixi hadisədir. Bu, tərəflər arasında anlaşılmazlıqların siyasi vasitələrlə yoluna qoyulmasına, ən azı hazırkı status-kvonun davam etməsinə zəmin yaradır və hərbi gərginliyin yaranmasının qarşısını alır.
Tayvan 1949-cu ildə Homindan Partiyasının vətəndaş müharibəsində Çin Kommunist Partiyasına məğlub olmasından sonra Çan Kayşinin başçılığı ilə Homindan fəalları və onların tərəfdarlarının adada məskunlaşmasından sonra müstəqil siyasət yeritməyə başlayıb. Zaman-zaman Tayvanın müstəqil dövlət elan olunması məsələsi gündəmə gəlir, lakin Pekinin müharibə hədəsi bu ideyanın həyata keçirilməsini hələlik əngəlləyir.
Hüquqi olaraq müstəqil dövlət sayılmasa da, Tayvan faktiki olaraq sərbəst ölkədir və Çindən hər hansı birbaşa asılılığı yoxdur. ABŞ da Tayvanın mövcud statusunu dəstəkləyir və Çinin hərbi yolla adanı işğal etməsinin önündə ən böyük maneədir. Hazırda Pekinin siyasəti Tayvanın müstəqilliyinin qarşısını almağa yönəlib və keçirilən görüş də buna xidmət edir. Çin hökuməti Homindan Partiyasının Tayvanda hakimiyyətdə qalmasında maraqlıdır, çünki müxalifətdəki Demokratik Tərəqqi Partiyası müstəqilliyin tərəfdarıdır.