GÜNÜN ŞƏRHİ
Suriyaya dair danışıqların dayandırılması böhranın daha da dərinləşməsi deməkdir. Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsi ilə münaqişə zonasında yeni şərait yaransa da, ümidlər özünü doğrultmadı. Məhz bu müdaxilədən keçən müddət ərzində ilk dəfə Hələbdə qısamüddətli də olsa, atəşkəsə nail olunmuş, ABŞ Suriya ərazisində uçuşlara bağlı zonanın yaradılması təklifini qəbul etmişdi. Rusiyanın bölgədə yeni hava hücumundan müdafiə sistemləri yerləşdirməsi ilə hər iki pozitiv məqamın üstündən xətt çəkmək olar. Moskvanın atdığı addım göstərir ki, Suriya Rusiya üçün revanş məkanıdır və Kreml bu revanşdan istənilən halda qalib çıxmaq istəyir. Nə qədər qəribə olsa da, proseslərin gedişi Türkiyənin maraqlarına cavab verir. Ankara öz maraqlarını Rusiya və İranın maraqları ilə düzgün uzlaşdıra bilsə, Mosul, Kərkük, Hələb məsələsində uduşlu çıxa bilər.