GÜNÜN ŞƏRHİ
Diplomatın qətli Rusiyanın Suriyada mövqeyini daha da möhkəmləndirdi. Lap elə təyyarə insidentində olduğu kimi. Təyyarə insidentindən sonra Rusiya Suriyada S-400 raket kompleksləri yerləşdirdi, səfirin qətlindən sonra ilk dəfə olaraq Suriyaya 100 zirehli texnika göndərdi. Bu, Moskvada üçlü görüşdən sonra Suriya cəbhəsində qeydə alınan ikinci aktiv gedişdir. Birinci aktiv gediş isə Türkiyənin “Fərat qalxanı” əməliyyatı çərçivəsində Əl-Baba daxil olmasıdır.
Moskvada imzalanan sənəddə gözə çarpan məqamlar hansılardır. Birincisi, Suriyada söz sahibi olan Rusiya və İran, söz sahibi olmağa çalışan Türkiyə ölkənin parçalanmasına yol verməyəcəkləri barədə öhdəlik götürüblər. Bu, Suriyanın şimalında “kürd dövləti”nin yaradılmasına dair Qərb planlarının baş tutma ehtimalını azaldır. İkinci maraqlı məqam tərəflərin “Ən Nüsra Cəbhəsi”ni İŞİD-lə eyni statusda terror təşkilatı kimi tanımasıdır. Buna qədər Rusiya və İrandan fərqli olaraq Türkiyə “Ən Nüsra Cəbhəsi”nə loyal münasibət bəsləyirdi, Ankara Moskvada keçirilən görüşdə “Ən Nüsra Cəbhəsi”ni qurban vermiş oldu. Bununla da Suriyanın gələcəyinə dair üç tərəfin baxışlarında yeganə prinsipial fərq aradan qalxmış olub.
Ankara çox güman ki, bu qərarı səfir Karlovun öldürülməsindən çox-çox əvvəl verib, diplomatın qətlinə görə məsuliyyəti “Ən Nüsra Cəbhəsi”nin öz üzərinə götürməsi bu terrorçuların Ankaraya cavabı sayıla bilər. Türkiyənin Moskva görüşündən dərhal sonra Əl-Baba hücuma keçməsi göstərir ki, Ankara sövdələşmədə “Ən Nüsra Cəbhəsi”ni Əl-Bab və Afrinlə dəyişib.