GÜNÜN ŞƏRHİ
Şərq incə məsələdir fikri artıq uzun illərdir klişeyə çevrilib. Hətta bu kəlam bir sıra məşhur lətifələrin də mövzusu olub. Amma bölgənin etnik və dini strukturu doğrudan da Yaxın Şərq siyasətinin çox incə məsələ olduğunu təsdiqləyir. Türkiyənin Suriya siyasətində uğur qazanması üçün son dərəcə ehtiyatlı davranmalı,, yəni incə siyasət yürütməli olduğunu yorumlarda bir neçə dəfə söyləmişik. Onun da qeyd etmişik ki, Şərq siyasətində ən kiçik görünə biləcək səhv belə Ankaranın bütün uğurlarının üzərindən bir anda xətt çəkə bilər. Və Türkiyə mediası artıq bu səhvi etmək üzrədir. Hələb Əsədin nəzarətinə keçdikdən sonra ölkədə anti-şiə kampaniyası vüsət alıb, kimlərsə fürsətdən istifadə edib onsuz da hər platformada parçalanmış Türkiyə cəmiyyətini bir də məzhəbçilik üzərindən parçalamaq istəyirlər. Şiəlik əleyhinə açıq kampaniyalar Türkiyənin bölgədəki son dərəcə ehtiyac duyduğu İranla münasibətlərini korlaya bilər. Halbuki tarix göstərdi ki, Ankaranın Suriya və İraq siyasətinin uğurlu alınması Moskva və Tehranla ittifaqı paralel genişləndirməkdən asılıdır. İkincisi, Türkiyənin özündə 4 milyona yaxın Cəfəri şiəsi yaşayır, ələvilərin sayı isə bundan qat-qat çoxdur. Məzhəbçilik üzərindən kampaniya ölkədə dini qarşıdurmaya qədər aparıb çıxara bilər. Bu kampaniyanın həm də Ərdoğana qarşı işlədiyini söyləmək artıqdır. Buna görə Türkiyənin daxili və xarici siyasəti üçün bu qədər zərərli bir kampaniyanın haradan qaynaqlandığını araşdırmaqda fayda var.