GÜNÜN ŞƏRHİ
Seçkilər başa çatdı, artıq hər kəsi növbəti dörd ildə ABŞ-ın xarici siyasətinin istiqamətləri maraqlandırır. Bununla bağlı təxminlər irəli sürmək üçün Trampın seçkiqabağı kampaniyada səsləndirdiyi kasad fikirlər, yaxud zəfər nitqinin tezisləri kifayət etmir. Xarici siyasətin istiqamətləri böyük ölçüdə dövlət katibinin və milli təhlükəsizlik məsələləri üzrə müşavirin kimliyindən asılı olacaq. Yəni, Tramp dönəmində dövlət katibi, lap elə vitse-prezident daha qabarıq simaya çevrilə bilər. Çünki xarici siyasət populizmi sevmir və Trampın platforması yalnız daxili siyasətdə müəyyən uğurlar qazanmağa imkan verir. Bu, seçki kampaniyasının gedişində də aşkar görüldü. Əsas ağırlığı daxili siyasət məsələləri üzərinə salan Tramp xarici siyasətlə bağlı bir-birini təkzib edən açıqlamalarla yadda qaldı. Bu səbəbdən xarici siyasət sahəsinin bütünlüklə dövlət katibi və milli təhlükəsizlik məsələləri üzrə müşavirə həvalə ediləcəyi ehtimalı böyükdür. Bəs bu iki mühüm postda kim əyləşəcək? Bu isimlər məlum olmadıqca ABŞ-ın xarici siyasət kursuna dair suala cavab vermək havayı vaxt itkisidir.