Neftçalada atasını öldürərək meyitini yandırıb külünü Kür çayına atan oğulun törətdiyi digər qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, 2014-cü ilin fevralında yoxa çıxan Neftçala rayonu Yuxarı Qaramanlı kənd sakini, taksi sürücüsü kimi fəaliyyət göstərən 1964-cü il təvəllüdlü Rüstəmov Kamal Ədalət oğlunun anası hadisəni törətmiş 1992-ci il təvəllüdlü Heybətov Emil Aydın oğlu ilə yaxın qonşu olub. Kənd sakinləri bu ailələr arasında hər hansı münaqişənin yaşandığını xatırlamadıqlarını bildirib. İddialara görə, həmin vaxt K.Rüstəmovun evinə gələn 3 nəfər naməlum şəxs onu çağıraraq kəndin kənarına aparıb. Məlum qətl də burada baş verib. K.Rüstəmov qətlə yetirilib, avtomobili isə yandırılıb. Meyit Bakıya gətirilərək burada gizli şəkildə basdırılıb.
K.Rüstəmovun yaxınları hadisədən sonra onun meyitini tapmaq məqsədi ilə su kanallarını, Kür çayının sahillərini axtarıblar. Hətta müxtəlif ərazilərdə qazıntılar da aparılıb. Lakin meyiti tapmaq mümkün olmayıb.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, qətl hadisəsi E.Heybətov hərbi xidmətdən yeni qayıtdıqdan sonra baş verib. Onun böyük qardaşı Amil Heybətov isə avtomobillə ağır qəza törətdiyinə görə həbsdədir.
Artıq E.Heybətov anası Tükəzban Heybətova ilə birgə məhkəmə qarşısına çıxarılıb və onların barəsində istintaq müddəti üçün həbs-qətimkan tədbiri seçilib. Hər iki şəxs Bakıya-təcridxanaya göndərilib.
*****
14:03
Neftçalada atasını öldürərək meyitini yandırıb külünü Kür çayına atan oğulun daha bir ağır cinayətinin üstü açılıb.
APA-nın xəbərinə görə, 2014-cü ilin fevralında Neftçala rayonu Yuxarı Qaramanlı kənd sakini, taksi sürücüsü kimi fəaliyyət göstərən 1964-cü il təvəllüdlü Rüstəmov Kamal Ədalət oğlunun itkin düşməsi barədə polisə məlumat daxil olub. Hadisədən bir gün sonra Kamal Rüstəmovun idarə etdiyi "VAZ 21011" markalı 47 ** 421 dövlət nömrə nişanlı avtomobil yanmış halda rayonun Pirəbbə kəndinin ərazisində aşkar edilib. Avtomobilin yanında onun ayaqqabısı tapılıb. Lakin yanmış avtomobilə polis tərəfindən baxış keçirilərkən hər hansı cəsəd aşkar edilməyib.
Həyata keçirilən tədbirlər nəticəsində həmin qətlin rayon sakini, 1992-ci il təvəllüdlü Heybətov Emil Aydın oğlu tərəfindən törədildiyi müəyyən edilib. E. Heybətov K. Rüstəmovu öldürdükdən sonra onun avtomobilini yandırıb, meyitini Bakı şəhərinə gətirib və Balaxanı qəsəbəsində kirayədə qaldığı evin həyətində basdırıb.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə bu gün meyit basdırıldığı yerdən çıxarılıb.
Qeyd edək ki, hadisəni törətməkdə təqsirli bilinən E. Heybətov bir neçə gün əvvəl anası ilə birgə atasının qətlində şübhəli bilinərək tutulub. Araşdırmalar zamanı müəyyən edilib ki, o və anası Tükəzban Heybətova 2013-cü ildə atası, 1961-ci il təvəllüdlü Heybətov Aydın Dəmir oğlunu qətlə yetirərək meyitini yandırıb və daha sonra qalıqlarını Kür çayına atıblar. Qətli törətməkdə şübhəli bilinən 1962-ci il təvəllüdlü Heybətova Tükəzban Habil qızı və oğlu, 1992-ci il təvəllüdlü Heybətov Emil Aydın oğlu polis tərəfindən saxlanılıb.