Dələduzluqda təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş, Ziya Məmmədovun müşaviri Çingiz Baxşıyevin vəkili prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət verib: "Cinayət işində müdafiə etdiyim Çingiz Baxşıyevin ailə və kommersiya sirri var. Bu gün də Çingiz Baxşıyevin qızları Sevil Baxşıyevə və Fatimə İbrahimova ifadə verməlidir. Buna görə prosesin qapalı keçirilməsini istəyirik. Mətbuatda bunun haqqında yalan və böhtan xarakterli məlumatlar var. Bu da hüquqlarını müdafiə etdiyim şəxsə maddi ziyan vurur".
Təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədovun vəsatətin təmin edilməməsini istəyib: "Burda ailə sirrinə aid bir məsələ yoxdur. Qapalı keçirilməsinin səbəbi mətbuatdan gizlədilməsini istəyib. Bu proses qapalı olsa, cəmiyyətdə yaxşı qarşılanmayacaq. Mənimsəmə və israfetmə cinayətləri qapalı keçirilə bilməz. Qapalı olsa, birbaşa Çingiz Baxşıyevin məhkəməyə təzyiqi kimi qiymətləndiriləcək".
Çingiz Baxşalıyev isə bildirib ki, vəkil Adəm Məmmədov tərəfindən mətbuata məlumatlar ötürülür: "Birbaşa böhtan xarakterli məlumatlar verir. Məni təqsirləndirilən şəxs kimi qələmə vermək istəyir. Məhkəmə başlayandan böhtan atır. Ona görə prosesin qapalı keçirilməsini istəyirik".
Hakimlər yerində müşavirə edərək prosesin qapalı keçirməsi ilə bağlı qərar qəbul edib.
Prosesdən jurnalistlər çıxarılıb. Bildirilib ki, hökm hisssəsi açıq olacaq.
Qeyd edək ki, Rövşən Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin külli miqdarda əmlakını talamaqda və mənimsəməkdə təqsirləndirilir. O, Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşıyevaya ümumilikdə 800 min manat məbləğində maddi ziyan vurmaqda ittiham olunur.
İstintaqla müəyyən edilib ki, Rövşən Əhmədov ona etibar edilmiş külli miqdarda əmlakı talamaq məqsədilə 2015-ci il sentyabr ayının əvvəllərində qohumu Çingiz Baxşıyevin ona etibar etdiyi 695 min manat, qızları Fatimə İbrahimovanın 50 min manat, Sevil Baxşıyevanın isə 55 min manat dəyərində müxtəlif çeşiddə qızı-zinət əşyalarını, qızıl sikkələri, qızıl manetləri ələ keçirib.
Çingiz Baxşiyev Nəqliyyat nazirinin müşaviri olmazdan əvvəl isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib.