Tərtər rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılan şəxs intihar edib.
Tərtər rayon Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Ağdam rayon sakini, 1982-cil il təvəllüdlü Dünyamalıyev Səbuhi Zamin oğlu saxlanıldığı kamerada özünü asıb.
Hadisədən dərhal sonra S. Dünyamalıyevin qohumlarının bir qrupu Tərtər rayon Polis Şöbəsinə gəliblər, onlar yaxınlarının özünə qəsd etməsinə qəzəbli olduqları üçün yaranmış insidentdə polislər də daxil olmaqla bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Daha sonra polis S. Dünyamalıyevin qohumlarına vəziyyəti izah edib və insident həllini tapıb.
Faktla bağlı araşdırma aparılır.
"Tərtərdə vəziyyət polisin nəzarətindədir və rayon polisi həmişəki iş rejimi ilə işləyir". Bunu APA-ya açıqlamasında Tərtər Rayon Polis Şöbəsinin rəisi Rauf Məcidov deyib.
Rəisin sözlərinə görə, Ağdam rayon sakini, 1982-cil il təvəllüdlü Dünyamalıyev Səbuhi Zamin oğlunun saxlanıldığı kamerada özünü asması faktı ilə bağlı araşdırmalar aparılır. Araşdırma bitəndən sonra bu barədə əlavə məlumat veriləcək.
Şöbə rəisi bildirib ki, etiraz edən Səbuhi Dünyamalıyevin yaxınları ilə söhbət aparılıb, bundan sonra onlar sakitləşiblər: “Dünyamalıyevin qohumlarına hər şeyin qanun çərçivəsində araşdırılacağı bildirilib”.
R. Məcidov rayonda "iğtişaş baş verməsi" barədə bəzi saytlarda yazılanların həqiqəti əks etdirmədiyini də qeyd edib.