İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi Çempionlar Liqasının bombardirləri siyahısında “Real Madrid”in keçmiş hücumçusu Raul Qonsalesi geridə qoymağı özü üçün prioritet saymayıb. Lent.az-ın məlumatına görə, argentinalı hücumçu məhsuldarlıq göstəricilərinin komandanın nəticələrindən elə də vacib olmadığını bildirib.
Ötən gün Hollandiya “Ayaks”nın qapısına vurulan 4 cavabsız topdan 3-ü Messiyə məxsus olub. Bununla da cənubi amerikalı “het-trik” sayını 4-ə çatdıraraq, rekord müəyyənləşdirib. O, həm də Çempionlar Liqasında vurduğu qolların sayını 62-yə yüksəldib. İndi 26 yaşlı forvard Rauldan 9 top geridə qalır.
Messi deyib: “Bu turnirdə 62-ci qolu vurmağıma çox şadam. Lakin elə məsələlər var ki, şəxsi nailiyyətlərdən daha vacibdir. Bunlar tablodakı nəticə və komandanın oyunudur. Əlbəttə, Çempionlar Liqası tarixində ən yaxşı bombardirlər siyahısında Raulu keçmək yaxşı əlamətdir. Lakin bu, mənim üçün prioritet deyil. “Barselona”nın daha böyük hədəfi var. Komandamız turnirin qalibi olmaq niyyətindədir. Mənim çoxlu qol vurmağım isə o qədər də vacib deyil”.