Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Gəncə şəhəri Dəmiryolçular parkındakı büstünün başına keçirilmiş çuval bu gün səhər saatlarından etibarən götürülüb.
Lent.az-ın “azərfax”a istinadən məlumatına görə, bu barədə Gəncə sakinlərindən biri xəbər verib. Hazırda əraziyə 20-yə yaxın texniki işçi cəlb olunub və onlar büstün ətrafında təmizlik işləri aparır: "Bu bizim üçün çox xoş bir sürpriz oldu" - deyə, Gəncə sakini bildirib.
Qeyd edək ki, M. Ə. Rəsulzadənin büstü qoyulmuş Dəmiryolçular parkı Nəqliyyat Nazirliyinin balansındadır. Parkda uzun müddət idi ki, təmir işləri aparılırdı. Rəsmi səviyyələrdə verilmiş açıqlamalara görə, M. Ə. Rəsulzadənin büstünün üstü də məhz təmir işləri ilə əlaqədar örtülübmüş.
Xatırladaq ki, Gəncə şəhərindən seçilmiş millət vəkili Naqif Həmzəyevin M. Ə. Rəsulzadə barədə səsləndirdiyi fikirlər geniş ictimai etiraza səbəb olub.