Şəmkir sakinini ilan vurub, vəziyyəti ağırdır
İyulun 10-da 1 nəfəri ilan, 1 nəfəri əqrəb, bu gün isə 1 nəfəri əqrəb sancıb.
Bunu Lent.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov söyləyib.
İlan sancma hadisəsi Şəmkirdə baş verib, vəziyyəti ağır olan həmin şəxs Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, bu il may ayında 16 nəfəri, iyun ayında 14 nəfəri, iyul ayının ötən dövrü ərzində isə 7 nəfəri ilan vurub. İyunda 4 nəfəri, iyul ayında isə 2 nəfəri əqrəb sancıb. Qara qurd isə iyunda 3 nəfəri, iyulda 2 nəfəri sancıb.
İndiyə qədər bu hadisələr zamanı 1 nəfər həyatını itirib. Bu, Salyan rayon Şəkərli kənd sakini, 2007-ci il təvəllüdlü Gülnar Akif qızı Didarovadır. Azər Maqsudov deyib ki, 6 yaşlı qızın ölümünə səbəb Bakıya, Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinə gətirilənə qədər Salyanda, xəstəxanada ona zərdab vurulmaması olub. Onun sözlərinə görə, azyaşlı qızı gündüz ilan vurub və 6 saatdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, vəziyyəti ağır olan qızı xilas etmək mümkün olmayıb.