Leyla və Arif Yunusların işində məhkəmə istintaqı yekunlaşdı
05 avqust 2015 14:17 (UTC +04:00)

Leyla və Arif Yunusların işində məhkəmə istintaqı yekunlaşdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnistutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Arif Yunusun vəkili Əfqan Məmmədov vəsatətlə çıxış edib. O, vəsatətində məhkəmə heyətinə etiraz verib.

 

Dövlət ittihamçısı çıxış edərək, vəsatətin əsassız olduğunu vurğulayıb.

 

 

Hakimlər müşavirəyə gedib. Bu zaman Arif Yunus qısa çıxış edib. O, çıxışında bildirib ki,  MTN-nin təcridxanası doğma evi kimidir.  Arif Yunus MTN təcridxanasında ona qarşı yaxşı münasibət bəslədiklərini deyib.

 

 Hakimlər müşavirədən gələrək vəsatəti baxılmamış saxlayıblar.

 

 

Bu zaman Leyla Yunus dövlət ittihamçısı təhqir etməyə başlayıb.

 

Prokuror Leyla Yunusa mədəni şəkildə cavab verib. O bildirib ki, Leyla Yunusun Bakı İstintaq İdarəsində döyülməsi ilə bağlı heç bir cinayət işi açılmayıb.  Dövlət ittihamçısı Fərid Nağıyev Leyla Yunusun özünün qəsdən bu cür şayiələr yaydığını qeyd edib. O, Leyla Yunusun ictimaiyyəti aldatdığını deyib.

 

 

Vəkil Ramiz Məmmədov cinayət işi üzrə bir neçə maddəyə xitam verilməsini, müdafiə etdiyi şəxslərə maliyyə ayıran, onlarla əlaqəsi olan xarici fondların nümayəndələrinin prosesə dəvət olunmasını, alınan qrantlar hesabına Arif Yunusun çap etdirdiyi kitabların sübut kimi cinayət işinə daxil edilməsi istəyib. Vəsatətin kitabların cinayət işinə daxil edilməsi hissəsi təmin edilib.

 

 

Bundan sonra məhkəmə sənədlərinin təhlili başlayıb. Sənədlərə bank əməliyyatları, Arif Yunusun Çexiyada ev alması ilə bağlı apardığı danışıqlar, təqsirləndirilən şəxslərin Bakıdakı evlərində aparılan axtarış zamanı müsadirə olunan sənədlər və s. daxildir.

 

 

Sənədlərin təhlili yekunlaşdıqdan sonra söz istəyən Leyla Yunus bildirib ki, 1996-cı ildə qeydiyyata alınmış Ön Qafqaz Qadınlarının Cəmiyyətinin faktiki sədri olub: “Cəmiyyətə faktiki olaraq, mən rəhbərlik etmişəm. Qurumun hüququ sədri Rəna Səfərəliyeva idi. Amma o, cəmiyyətin fəaliyyətində iştirak etmirdi, tamamilə uzaqlaşmışdı. Bu cəmiyyət çətir rolunu oynayırdı. Sülh və Demokratiya İnstitutu, Qadın Krizis Mərkəzi və Minalardan Müdafiə Təşkilatı buraya daxil idi. Biz daha sonra həmin təşkilatların qeydiyyata alınması üçün müraciət etmişdik. Cəmiyyət dövlət qeydiyyatından keçdiyi üçün bütün qrantlar cəmiyyətin hesabına köçürülürdü. Cəmiyyətin sədr müavini kimi pulları almaq hüququ mənə verilmişdi. Heç bir sənəd saxtalaşdırılmayıb və vergidən yayınma faktı olmayıb”.

 

Bununla da, məhkəmə istintaqı yekunlaşıb. Söz dövlət ittihamçısına verilib. Fərid Nağıyev çıxış üçün vaxt istəyib.

 

Məhkəmə prosesi  avqustun 6-da  davam etdiriləcək.

 

 

 

Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.

 

Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 241
avatar

Səlcuq Elçin

Oxşar yazılar