Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən xəbərə görə, müsahibə psixoloji müharibə travmaları üzrə tanınmış amerikalı ekspert Daniel Sadiq tərəfindən aparılıb.
Proqramın başlanğıcında D. Sadiq bildirib ki, Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub və bunun nəticəsində 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. O, Ermənistan tərəfindən həyata keçirilən bu işğalın mülki azərbaycanlı əhaliyə qarşı dəhşətli qəddarlıqlarla müşayiət olunduğunu diqqətə çatdırıb və bu səpkidə 1992-ci ilin fevral ayında erməni qüvvələri tərəfindən Xocalı sakinlərinə qarşı ağır qətliamın həyata keçirildiyini qeyd edib.
Müsahibə zamanı Xocalı faciəsi zamanı ayağından yaralanaraq 20 yaşında ermənilərə əsir düşmüş Dürdanə Ağayeva əsirlikdə olduğu dövrdə başına gələn hadisələrdən, ermənilərin ona və digər əsirlərə verdikləri ağır işgəncələrdən və törətdikləri vəhşiliklərdən danışıb. O, ermənilərin əsirlikdə olan qadın, uşaq və yaşlı insanlara fərq qoymadan, bütün Xocalı sakinlərinə dözülməz işgəncələr verdiyini vurğulayıb.
Qeyd edək ki, Los Ancelesə səfəri müddətində D. Ağayeva digər amerikalı jurnalistlər və qadın haqlarının müdafiəsi ilə məşğul olan qruplar, eləcə də yerli yəhudi icmasının nüfuzlu nümayəndələri ilə də görüşlər keçirib.