Fövqəladə Hallar Nazirliyi Kürdəmirdə baş vermiş faciəli yanğınla bağlı informasiya yayıb.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, rayonun Sığırlı kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 408 kv.m olan ikimərtəbəli 8 otaqlı evdə partlayışla nəticələnən yanğın baş verib. Yanğın nəticəsində 2-ci mərtəbənin yanar konstruksiyaları 179 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibinin övladı 2012-ci il təvəllüdlü Quliyev Kənan İslam oğlunun yanmış meyiti aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
***
21.35
FHN-nin Kürdəmir Dövlət Yanğın Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 17:00 radələrində Kürdəmirin Sığırlı kəndində qeydə alınıb.Kürdəmirdə dəhşətli yanğın hadisəsi bir ailənin faciəsinə səbəb olub.
Kənd sakini 1979-cu il təvəllüdlü Quliyev İslam Füzuli oğluna məxsus ümumi sahəsi 408 kvadratmetr olan iki mərtəbəli evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Kürdəmir və Hacıqabul rayonlarından 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı evin 180 kvadratmetrlik hissəsi içindəki əşyalarla birgə yanaraq, məhv olub.
Hadisə zamanı ev sahibi İslam Quliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, iki yaşlı övladı Kənan Quliyev yanaraq dünyasını dəyişib. Hadisə zamanı evin qalan hissəsi və ona birləşik çardaq alovdan xilas edilib. Hadisənin başvermə səbəbi hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.