Bu gecə Sabirabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Sabirabad rayonu, Kürkəndi kəndində 1984-cü il təvəllüdlü Novruzov Samir Sabir oğluna məxsus "Nissan" və İctimai televiziyanın bölgə müxbiri Tural Bağırovun idarə etdiyi "Tofaş" markalı maşınlar toqquşub. Nəticədə "Nissan" markalı avtomobilin mühərrik hissəsi yanıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri ağır bədən xəsarətləri ilə hadisə yerində ölüb və yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılıb. Yanğın saat 00:13-də söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Qeyd edək ki, İTV-nin bölgə müxbiri olan Tural Bağırov xidməti avtomobillə çəkilişə gedirmiş.
Hadisə ilə əlaqədar Sabirabad rayon Polis Şöbəsində cinayət işi açılıb, ekspertizalar təyin edilib.