Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Mehriban Hüseynova ifadə verib. O, ifadəsində bildirib ki, İ.Quliyevanı şəxsən 9 il bundan əvvəl tanıyıb: "Özüm jurnalist kimi fəaliyyət göstərirdim. İlhamə Quliyeva təklif etdi ki, köməkçisi olum. Razılaşdım. Avropa Oyunlarından sonra İlhamə Quliyevanın vəziyyəti ağırlaşdı. O, yalnız mənim ona kömək göstərməyimi istəyirdi. Hər dəfə zəng edib deyirdi ki, sən evimdə olmusan, üzüyüm itib. Sonra həmin üzüyü onun barmağında görəndə soruşurdum ki, bəs nə oldu itmişdi? Deyirdi ki, yadımdan çıxıb. Hətta bildirmişdi ki, hamı ona düşməndi və sirrlərini yalnız mənimlə bölüşür”.
Mehriban Hüseynova qeyd edib ki, İlhamə Quliyeva ona 2-3 etibarnamə verib: “Evini satmaq istəyirdi, amma oğlu Orxanın xəbəri olmamasını üçün mənim adıma etibarnamə verdi. Səhhəti ağır idi, müalicə olunurdu. Evi 330 minə satdıq. Bu söhbət Orxanın qulağına çatdı. O, zəng elədi və soruşdu ki, anam hər şeyini sənə etibar edib? Təsdiqlədim. İlhamə xanım Orxanı evinə buraxmırdı. İlhamə xanım deyirdi ki, Orxan bəzi şəxslərə 95 min manat məbləğində dələduzluq edib. Orxan dostu Vüqar bizi şantaj etdi, dedi ki, bununla bağlı mətbuata məlumat ötürəcək, İlhamə Quliyevanı rüsvay edəcək. Mən məsələni İlhamə xanıma danışdım, o da Vüqarla mənim görüşməyimi istədi. Vüqar İlhamə Quliyevadan 10 min manat pul istədi. Səhərisi gün 10 min manat pulu Vüqara verdik. Ancaq Vüqar ondan əl çəkmədi, yenə şantaj etdi və 3500 manat pul aldı”
Təqsirləndirilən şəxs qeyd edib ki, son zamanlar İlham Quliyevanın ona qarşı münasibəti dəyişib: “İlhamə xanım mənə dedi ki, sənin haqqında yaxşı məlumatlar gəlmir. Mən də ona bir az gözləməyini və hər şeyi ona danışacağımı dedim".
Prosesdə fasilə elan edilib.
Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ.Quliyevanın şikayəti əsasında saxlanılıb.
İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.