Azərbaycanda saxlanılan iki “nurçu” barəsində cinayət işi başlanıb.
Vəkil Nizami Abbasov APA-ya bildirib ki, bu ilin aprel ayında Bakının Yasamal rayonunda keçirilən əməliyyat zamanı saxlanılan şəxslərdən ikisi – Eldəniz Hacıyev və İsmayıl Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilib.
Hər iki şəxs Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə təqsirli bilinirlər.
Vəkil qeyd edib ki, E. Hacıyev və İ. Məmmədov Milli Təhlükəsizlik Nazirliyində saxlanılırlar.
Qeyd edək ki, hüquq-mühafizə orqanları bu ilin aprelində paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərdən birində axtarış aparıb.
Axtarış zamanı evdə toplantı keçirən “nurçu” təriqətinin 41 üzvü saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, “nurçu” təriqətini təbliğ edən audio və video materiallar müsadirə olunub.
Saxlanılan şəxslərin böyük əksəriyyətinin izahatı alınıb və sərbəst buraxılıb.