Dekabrın 24-də Bakı şəhərinin Nərimanov rayonu, Azadlıq prospektində yaşayan N.Q. hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edib. Lent.az-ın əldə etdiyi məlumata görə, N.Q. ərizəsində bildirib ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin işçisidir. O qeyd edib ki, bir müddətdir ki, cəmiyyətin Hökumət Evində yerləşən mərkəzi idarəsində çalışır. Bu müddət ərzində N.Q. bir qadınla da tanış olub və onların arasında münasibət yaranıb.
N.Q.-nın şikayəti isə onun qadınla olan münasibətindən sui-istifadə edən iş yoldaşlarından olub. Şikayətçi bildirib ki, iş yoldaşları – V., X. və M. adlı şəxslər onun həmin qadınla birgə olarkən gizli şəkildə audio və video görüntülərini lentə alıblar. Bundan sonra isə həmin şəxslər N.Q.-nı Hökumət Evinin 5-ci mərtəbəsindəki iş otağında hədələyərək videonu ictimailəşdirəcəklərini deyiblər. Onlar iş yoldaşlarını hədələyərək bildiriblər ki, bu materialları həyat yoldaşına da göstərəcəklər. Bunu etməmək müqabilində isə xeyli miqdarda pul tələb ediblər.
Vəziyyətdən çıxış yolu tapa bilməyən N.Q. isə hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb.