Gürcüstanın Qardabani rayonunda azərbaycanlılar və gürcülər arasında kütləvi dava olub.
APA-nın gürcü mətbuatına istinadən verdiyi məlumata görə, hadisə gecə saatlarında baş verib.
Mixail Saakaşvilinin lideri olduğu “Milli Hərəkat” partiyasının yerli şöbəsinin nümayəndəsi Ramin Bayramovun sözlərinə görə, partiyanın 4 nəfər gənc fəalına hücum olub.
Hakim koalisiyanın tərəfdarları öncə onları küçədə, sonra şəhərin çayxanada döyüblər. Müxalifət partiyasının azərbaycanlı gənc fəalları polisə zəng etmək məcburiyyətində qalıblar. Lakin qarşıdurma böyüyüb və dava iştirakçılarının sayı 200 nəfərə çatıb.
Hadisə yerinə gələn polis əməkdaşları havaya atəş açmaqla, vəziyyəti qismən nəzarətə götürə biliblər.
“Milli Hərəkat” və “Gürcü koalisiyası” nümayəndələrinin bildirdiyinə görə, gənclərin arasında baş vermiş dava etnik zəmində olmayıb. Onlar bunu iyunun 15-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqələndiriblər.