Gəncənin icra başçısı: "82 nəfər həbs edildi, qalanları qaçdı"
Noyabrın 26-da Bakının Nardaran qəsəbəsində bir qrup radikal şəxslərin respublikamızda ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətmək, bütövlükdə Konstitusiya quruluşunu dəyişdirməyə yönəldilmiş hərəkətlərinə münasibət bildirilməsi ilə əlaqədar Gəncə şəhər ictimaiyyətinin toplantısı keçirilib.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, toplantını giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bir neçə gün öncə Bakının Nardaran qəsəbəsində bir qrup şəxsin törətdiyi əməlləri pisləyərək, onların hərəkətlərinin yolverilməz olduğunu bildirib.
Heç bir qruplaşmaya ölkədə sabitliyi pozmağa icazə verilməyəcəyini deyən E.Vəliyev qeyd edib ki, təxribat Gəncədə hələ bir müddət əvvəl başlayıb: "Polis orqanları tərəfindən qətiyyətlə qarşısı alındı. 82 nəfər həbs edildi, qalanları qaçdı. Sonra onların hamısı məsuliyyətə cəlb olundu. Bütün bunlar bizdə təəssüf hissi doğurur. Çünki onlar da bizim vətəndaşlarımızdır. Amma təəssüf ki, bəzi adamların fitnəsinə uyaraq, belə bir yolu seçiblər".
Şəhər Ağsaqqallar Şurasının sədri Xalid Orucov, Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə nümayəndəsi Hacı Tahir Abbasov və başqaları çıxış edərək, Nardaran hadisələrini pisləyib, ölkədə milli-mənəvi dəyərlərə göstərilən dövlət qayğısından danışıblar.
Tədbirin sonunda Gəncə dindarları adından ölkə ictimaiyyətinə Nardaran hadisələrini pisləyən müraciət qəbul olunub.
192