Gəncədə qanunsuz qumarxana aşkarlandı - YENİLƏNİB
29 may 2014 12:30 (UTC +04:00)

Gəncədə qanunsuz qumarxana aşkarlandı - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qanunsuz qumarxana fəaliyyətinin qarşısını alıb. Lent.az-ın məlumatına görə, Baş İdarə əməkdaşlarının Gəncə şəhərində keçirdiyi əməliyyat tədbirləri zamanı Cavadxan küçəsi 12 ünvanda qanunsuz “onlayn” qumar oyunlarının təşkil edilməsi aşkarlanıb.

 

Araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakinləri – 21 yaşlı Vüsal Məmmədzadə, 37 yaşlı Namiq Abbasov və 50 yaşlı Nofəl Rəfibəyli əvvəlcədən əlbir olaraq obyekti icarəyə götürüblər və burada müxtəlif qumar oyunları təşkil ediblər. Obyektə baxış zamanı daha 7 nəfər vətəndaşın da qanunsuz qumar oyunlarında iştirakı müəyyənləşib. Vüsal Məmmədzadə ifadəsində bildirib ki, o, qanunsuz futbol proqnozları vermək adı ilə vətəndaşlardan külli miqdarda pul yığıb.

 

Araşdırmalarla daha sonra müəyyən edilib ki, Namiq Abbasov obyektin bir hissəsində qanunsuz loto-kazino təşkil edib. Namiq Abbasov da bu yolla vətəndaşların külli miqdarda pulunu mənimsəyib. Əməliyyatçılar obyektdən qumar oyun proqramları yazılmış kompüter dəstləri, monitorlar, qumar kuponları çap edən xüsusi printerlər, külli miqdarda oyun kuponu və nağd pul aşkarlayaraq götürüblər.

 

 

Saxlanılan 3 nəfər barəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə iş açılıb, istintaq araşdırmaları aparılır. Həmçinin qumar oyunlarında iştirak edən digər şəxslər barəsində də qanunla nəzərdə tutulmuş qaydada ölçü götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1755
avatar

Nizam Rza

Oxşar yazılar