Füzuli və Cəbrayılın işğalı Şəhidlər xiyabanında yad edildi
23 avqust 2013 09:58 (UTC +04:00)

Füzuli və Cəbrayılın işğalı Şəhidlər xiyabanında yad edildi

Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan tərəfindən işğal edilməsinin 20 illiyi ilə bağlı Şəhidlər xiyabanı ziyarət edilib.

 

APA-nın məlumatına görə, Füzuli və Cəbrayıl rayon icra hakimiyyətlərinin, o cümlədən ölkə ictimaiyyətinin nümayəndələrinin qatıldığı mərasimdə Azərbaycan ərazilərinin işğalı zamanı şəhid olmuş soydaşlarımız yad edilib, onların ruhuna dualar oxunub. Ziyarət zamanı Şəhidlər xiyabanındakı Əbədi Məşəl Kompleksinə gül çələngi qoyulub.

 

Mərasimdə çıxış edənlər Ermənistanın işğalçılıq niyyətini pisləməklə yanaşı, dünya birliyinin, beynəlxalq təşkilatların işğal faktına göz yummalarını, adekvat addımlar atmamalarını tənqid ediblər. İşğal altında olan rayonların ictimaiyyət nümayəndələri bildiriblər ki, işğal faktının uzanması beynəlxalq təşkilatların nüfuzuna mənfi təsir göstərir.

 

Mərasimdə iştirak edən Milli Məclis sədrinin müavini Bahar Muradova jurnalistlərə açıqlamasında bildirib ki, Füzuli və Cəbrayıl rayonların işğalı zaman minlərlə əhali qaçqın və köçkün vəziyyətinə düşüb: “Neçə illərdir aparılan siyasət, görülən işlər, dünya miqyasında bu problemin həlli ilə bağlı atılan addımlar, Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına şərait yaratdısa da, köklü həllinə təsir göstərə bilmədi. Lakin hamımıza bəllidir ki, bu gün Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrəti kifayət edir ki, işğal altında olan bu rayonlarımızın azad olunması üçün qətiyyətli addımlar atılsın. Buna Azərbaycan dövlətinin, prezidentinin də qətiyyəti və iradəsi çatır. Ölkəmizin gücü də buna yetir. Hələ ki, aparılan siyasət münaqişənin sülh yolu ilə həllinə çalışmaqdan ibarətdir. Ümid edirik ki, münaqişənin sülh yolu ilə həlli yolları tükənməyib. Azərbaycan da buna görə bu yolda addımlayır”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 975
avatar

Oxşar yazılar