FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd nümayəndəliyin yanğın zamanı fəaliyyət planının reallığının yoxlanılması, nümayəndəliyin əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması, FHN-in xilasetmə və yanğınsöndürmə bölmələrinin şəxsi heyətinin nümayəndəliyin ərazisində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində təcrübələrinin artırılmasından ibarət olub.
Təlim ssenariyə uyğun olaraq saat 11.00-da BMT-nin Azərbaycandakı Nümayəndəliyinin inzibati binasında yanğın baş verməsi barədə FHN-in “112” xidmətinə məlumatın daxil olması ilə başlayıb. Nümayəndəliyin əməkdaşları tərəfindən inzibati binada olan insanların təhlükəsiz əraziyə təxliyəsi və ilkin yanğınsöndürmə vasitələri tətbiq edilməklə yanğının yayılmasının qarşısının alınması üzrə tədbirlər yerinə yetirilib. Daxil olmuş məlumat əsasında FHN-in yanğınsöndürmə, xilasetmə və tibbi yardım qüvvələri şərti hadisə yerinə cəlb olunub.
Təlim zamanı Nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin qüvvələri tərəfindən birgə fəaliyyətdə şərti hadisə yerində insanların xilas olunması, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi və onların aidiyyəti tibb müəssisələrinə təxliyəsi, yanğının söndürülməsi üzrə tədbirlər nümayiş etdirilib.
Təlimin gedişində şərti olaraq 1 nəfər aşağı ətrafların sınıq xəsarəti almış və 1 nəfər tüstüdən zəhərlənməyə məruz qalmış şəxsə tibbi yardım göstərilməklə tibb müəssisələrinə təxliyəsi təmin edilib. Binanın yuxarı mərtəbələrində köməksiz vəziyyətdə qalmış insanların xilas edilməsi üçün avtonərdivan tətbiq edilib, eyni zamanda ərazidə hava yastığı açılıb.
Hadisə yerinə cəlb olunmuş qüvvə və vasitələrin idarə olunması məqsədi ilə ərazidə əməliyyat qərargahı yaradılıb.
Təlimin I mərhələsi ssenariyə uyğun olaraq nümayəndəlik və nazirliyin mətbuat xidməti tərəfindən ictimaiyyətin baş vermiş hadisə barədə məlumatlandırılması ilə başa çatıb.
Təlim II mərhələdə yanğın təhlükəsizliyi və təlimlə bağlı müzakirələrin aparılması ilə davam edib.
Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur.
Onu da qeyd edək ki, Nümayəndəliyin Bakı şəhərində fəaliyyət göstərən digər agentliklərində fövqəladə hadisələr zamanı fəaliyyət sahəsinə aid olan mövzularda məşqlərin keçirilməsinin davam etdirilməsi nəzərdə tutulur.