Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov H. Əliyevin həyat və yaradıcılığından danışıb. H. Əliyevin 90 illik yubileyinin respublikanın hər yerində böyük təntənə ilə qeyd edildiyini vurğulayan F. Əsədov bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin bütün qurumlarında silsilə tədbirlərin keçirildiyini bildirib.
Tədbirdə iştirak edən millət vəkili Aydın Mirzəzadə H. Əliyevin həyat yolundan danışıb. H. Əliyevin yürütdüyü uzaqgörən və uğurlu siyasət sayəsində Azərbaycanın böyük sənaye respublikasına çevrildiyini qeyd edən A. Mirzəzadə onun Azərbaycanı müstəqillik əldə etdiyi dövrdə vətəndaş qarşıdurmasından, müstəqilliyini itirilmə təhlükəsindən xilas etdiyini vurğulayıb: “Heydər Əliyev olmasaydı, bu gün Azərbaycan da olmazdı”.
Daha sonra tədbirdə çıxış edən şair Ramiq Muxtar H. Əliyevlə bağlı xatirələrindən danışıb.
Tədbirin sonunda H. Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.