Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevlə bağlı Ukraynada açılmış cinayət işinin məzmunu bəlli olub.
“Bakı şəhərində qeyri-dövlət ali tədris müəssisəsi olan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Tibb Mərkəzinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə 2009-cu ilin mart ayından dekabr ayınadək olan müddət ərzində Ukraynadan gətirilmiş donorlardan böyrəklərin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi ilə bağlı 13 cərrahiyyə əməliyyatının keçirilməsinə şərait yaradılaraq hər bir əməliyyata görə müvafiq sənədləşdirmə aparılmadan nağd qaydada külli miqdarda pul alınmaqla dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurulması faktı üzrə 23.11.2010-cu il tarixdə Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılmışdır.
İş üzrə toplanmış bir-birini əlaqəli surətdə tamamlayan çoxsaylı sübutlarla ABU-nun rektoru Abdullayev Elşad İslam oğlunun 2009-cu ilin fevral ayında Bakı şəhərində təsisçisi olduğu universitetin Tibb Mərkəzinin baş həkimi vəzifəsində işləmiş, tabeliyində olan İsmayılova Dilarə Akif qızı ilə birlikdə İsrail vətəndaşları Boris Volfman, Yuri Katsman və digərləri ilə külli miqdarda gəlir əldə etmək niyyəti ilə zərərçəkmiş şəxsin orqanlarından istifadə etmək məqsədilə insan alveri və insan orqanlarının alıq-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə ilə məşğul olan yaradılmış cinayətkar birliyə (təşkilat) daxil olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə həmin ilin mart ayından dekabr ayınadək olan dövrdə Ukraynanın Kiyev şəhərində yerləşən Şalimov adına Cərrahiyyə və Böyrəklərin Transplantologiyası İnstitutunun həkimləri, cinayətkar birliyin (təşkilat) üzvləri Zakordonets Vladislav Filippoviç, Romaniv Yaroslav Vladimiroviç və Zayçenko Petro Aleksandroviç tərəfindən mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müvafiq lisenziya (xüsusi razılıq) verilmədiyi halda Bakı şəhərində ABU-nun Tibb Mərkəzində 13 nəfər ukraynalı donorun böyrəklərinin cərrahiyyə əməliyyatı ilə çıxarılıb resipiyentlər olan 11 nəfər İsrail, 1 nəfər Fransa və 1 nəfər ABŞ vətəndaşlarına köçürülməsini təşkil etməsi, hər bir transplantasiya əməliyyatına görə İsrail vətəndaşı Yuri Katsman vasitəsilə ona ödənilən 10.000 ABŞ dolları, cəmi 104.676 manata bərabər 130.000 ABŞ dolları məbləğində nağd pul vəsaitini şəxsən qəbul edib rəhbərlik etdiyi qurumların xəzinəsinə mədaxilini rəsmiləşdirmədən özü üçün götürərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması, həmçinin qeyri-dövlət ali tədris müəssisəsi olan ABU-nun rektoru vəzifəsində işləyərkən 01.01.2009-cu il tarixdən 01.06.2010-cu il tarixədək olan dövrdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159-cu maddəsinin tələblərinə zidd olaraq vergi orqanlarına təqdim edilən bəyannamələrə təhrif olunmuş məlumatları daxil edib imza və möhürlə təsdiqləməklə ümumilikdə külli miqdar təşkil edən 135.603,91 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəmədən yayınması müəyyən edilmişdir.
İş üzrə verilmiş beynəlxalq tapşırıqla əlaqədar Ukraynada aparılmış istintaq hərəkətləri zamanı müəyyən olunmuşdur ki, Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev şəhər Daxili İşlər Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən 2008-ci ilin yay aylarından 21.07.2010-cu il tarixədək olan dövrdə törədilmiş həmin cinayətlərə görə İsrail vətəndaşı Yuri Katsman, Ukrayna vətəndaşları Vladislav Zakordonets, Yaroslav Romaniv, Petro Zayçenko və Azərbaycan vətəndaşı İsmayılova Dilarə Akif qızı barəsində Ukrayna CM-nin 255-ci maddəsinin 1-ci hissəsi (cinayətkar birlik (təşkilat) yaratma), 143-cü maddənin 5-ci hissəsi (insan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiyası məqsədilə götürülməsinə məcbur etmə) və 149-cu maddəsinin 3-cü hissəsi ilə (insan alveri) 25.03.2011-ci il tarixdə 1108410 saylı cinayət işi başlanmışdır.
03.06.2011-ci il tarixdə Dilarə İsmayılova Ukraynanın istintaq orqanı tərəfindən Ukrayna CM-nin 255-ci maddəsinin 1-ci hissəsi, 143-cü maddəsinin 5-ci hissəsi və 149-cu maddəsinin 3-cü hissəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək 04.06.2011-ci il tarixdı onun barəsində 18-541 saylı cinayət işi ayrıca icraata ayrılmış və Dilarə İsmayılova Azərbaycan Respublikasının vətəndaşı kimi Ukraynaya verilməsi mümkün olmadığı üçün “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım göstərilməsi haqqında” 22.01.1993-cü il tarixli Minsk Konvensiyasına əsasən barəsində cinayət təqibinin davam etdirilməsi üçün işi Azərbaycan Respublikasına göndərilməklə iş üzrə ibtidai istintaqın aparılması Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılmış, eyni əməllər Azərbaycan Respublikası CM-nin 137.3, 144-1.2.9 və 218.2-ci maddələrinə tövsif edilməklə cinayət işi 122006045 sayı ilə icraata qəbul edilərək 14.12.2012-ci il tarixdə 98765 saylı cinayət işinə birləşdirliməklə bir icraatda istintaq davam etdirilir.
Yuri Katsman, Vladislav Zakordonets, Yaroslav Romaniv, Petro Zayçenko və digərləri barəsində isə ibtidai istintaq tamamlanaraq baxılması üçün Ukraynanın Kiyev şəhəri Obolon Rayon Məhkəməsinə göndərilmişdir.
Fəaliyyəti dayandırılmış ABU-nun sabiq rektoru Elşad Abdullayev və həmin universitetin Tibb Mərkəzinin baş həkimi Dilarə İsmayılova, eləcə də digər şəxslərin barəsində ittihamın obyektiv, tam və hərtərəfliliyi üçün onların cinayət əməllərində iştirak etmiş əcnəbi şəxslər Yuri Katsman, Vladislav Zakordonets, Yaroslav Romaniv, Petro Zayçenko və digərləri barəsində Ukraynanın Kiyev şəhəri Obolon Rayon Məhkəməsində baxılan cinayət işində araşdırılan sübutların məcmusu üzrə məhkəmənin hökmü əhəmiyyət kəsb etdiyindən onların barəsində Kiyev şəhəri Obolon Rayon Məhkəməsində araşdırılan cinayət işi üzrə hökmün və ya digər yekun qərarının surətinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün Ukrayna Baş Prokurorluğuna müraciət olunmuşdur.
Ukrayna Baş Prokurorluğunun 09.08.2013-cü il tarixli 14/2/2-36038-10 saylıməktubu ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna 12.08.2013-cü il tarixdə daxil olmuş Kiyev şəhər Obolon Rayon Məhkəməsinin 05.08.2013-cü il tarixli rəsmi qərardadı və həmin tarixli xüsusi qərardadına əsasən insan alveri və insan orqanlarının alqı-satqısı üzrə təşkil edilmiş cinayətkar birliyin (təşkilat) üzvü Yuri Katsman Ukraynada qohumluq münasibəti olmayan şəxslər arasında böyrək transplantasiyasının qanunla qadağan edilməsi ilə əlaqədar 2009-cu ilin fevral ayında digər dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının bu sahədə qanunvericiliyini öyrənmiş, Bakı şəhərində yerləşən tibb müəssisələrinin monitorinqini apararaq Bakı şəhərində ABU-nun və onun nəzdindəki Tibb Mərkəzinin vəzifəli şəxsləri ilə cinayət əlaqəsinə girib böyrək transplantasiyası üzrə cərrahiyyə əməliyyatlarının həyata keçirilməsinə dair razılıq əldə etmişdir. Böyrəklərin transplantasiyası üzrə cərrahiyyə əməliyyatlarının keçirilməsi məqsədilə cinayətkar birlik (təşkilat) tərəfindən donorların Kiyev şəhərindən Bakı şəhərinə yola salınmaları, Bakı şəhərində hava limanında qarşılanmalarını təmin etməklə cərrahlar Vladislav Zakordonets, Yaroslav Romaniv, Petro Zayçenko tərəfindən ABU-nun Tibb Mərkəzində onların böyrəkləri qanunla müəyyən edilmiş qaydalar pozulmaqla resipiyentlərə köçürülmüşdür. Cinayətkar birlik (təşkilat) tərəfindən analoji cinayətlər ABU-nun Tibb Mərkəzindən başqa həm də Ekvador Respublikasının Kito şəhərində yerləşən tibb müəssisəsində aparılmışdır.
Kiyev şəhər Obolon Rayon Məhkəməsinin qeyd olunan qərardadı ilə cinayətkar birliyin (təşkilat) üzvləri Yuri Katsman, Vladislav Zakordonets, Yaroslav Romaniv, Petro Zayçenko və digərləri (cəmi 6 nəfər) insan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiyası məqsədi ilə götürülməsinə məcbur etmə cinayətində iştirakçılığa görə Ukrayna CM-nin 28-ci maddəsinin 3-cü hissəsi və 143-cü maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinmişlər. Kiyev şəhər Obolon Rayon Məhkəməsi həmçinin ABU-nun və Tibb Mərkəzinin vəzifəli şəxslərinin qeyd olunan cinayətlərdə iştirakının araşdırılmasının təmin olunması barədə xüsusi qərardad qəbul edərək Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün Ukraynanın Baş Prokurorluğuna təqdim etmiş və qeyd olunan materiallar cinayət işinə əlavə olunmuşdur.
ABU-nun Tibb Mərkəzində qanunsuz transplantasiya ilə bağlı tibbi əməliyyatların aparılması faktları aşkarlandıqdan sonra Elşad Abdullayev məsuliyyətdən yayınmaq məqsədilə 24.09.2010-cu il tarixdə Bakı-Dubay aviareysi ilə ölkə ərazisini tərk etmiş və bu günə kimi ölkənin hüdudlarından kənarda istintaqdan yayınır.
Bununla yanaşı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” 30.09.1998-ci il tarixli Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı Abdullayev Elşad İslam oğlu Rusiya Federasiyası (RF) Federal Miqrasiya Xidmətinin 23.09.2009-cu il tarixli qərarı ilə Rusiya Federasiyasında müvəqqəti yaşamaq icazəsi almış şəxs qismində RF-nin vətəndaşlığına qəbul edilmiş, o, Azərbaycan Respublikasının vətəndaşı olmaqla hal-hazırda da Fransa Respublikasında yaşamaqla həmin ölkənin vətəndaşlığını əldə etmək üçün müraciətlər edir.
Bununla da Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinə müvafiq sübutların cinayət işinin materiallarına əsasən qiymətləndirilməsi üzrə Elşad Abdullayev və Dilarə İsmayılova Bakı şəhərində əcnəbi şəxslərlə cinayətkar birlikdə (təşkilat) birləşib yaratmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib, insan orqanlarının qanunsuz alqı-satqısı ilə külli miqdarda gəlir əldə etmək məqsədilə zərəçəkmiş şəxslərin orqanlarından istifadə edib insan alveri, yəni xüsusilə ağır və Azərbaycan Respublikası CM-nin digər maddələrinin tərkib hissəsi olan cinayətlərini törətməkdə ittiham olunmaqla məhkəmə məsuliyyətinə verilməlidir.
Beləliklə, qeyd olunan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 137 (insan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiyası məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 192 (qanunsuz sahibkarlıq) və 213-cü (vergi ödəməkdən yayınma) maddələrinin tərkib hissələrinə müvafiq olaraq təqsirkar şəxslərin əməlləri müəyyən edilməlidir”.
Virtualaz.org