Bu gün “Medi Sina” klinikasında əməliyyata hazırlıq vaxtı dünyasını dəyişən tənqidçi Elnarə Tofiqqızının cənazəsi hələ ki, ailəsinə təhvil verilməyib. Lent.az-ın klinikada olan əməkdaşının verdiyi məlumata görə, E.Tofiqqızının yaxınları bildirib ki, bu gün o süd vəzilərindəki şişlə bağlı əməliyyat olunmalı idi. Amma əməliyyata hazırlıq zamanı, xəstəyə narkoz vurulan kimi E.Tofiqqızı komaya düşüb. Onu komadan ayıltmaq mümkün olmayıb və keçinib.
Hadisə yerinə Nəsimi Rayon Prokurorluğunun və 21-ci polis bölməsinin əməkdaşları gəlib və həkimlərdən izahat alıblar. E. Tofiqqızının nəşi ekspertizadan keçirilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılacaq. Ekspertizanın nəticələri, mərhumun hansı səbəbdən dünyasını dəyişməsi sabah bilinəcək.
Qeyd edək ki, E.Tofiqqızı tanınmış jurnalist Anar Niftəliyevin həyat yoldaşıdır.