Döyülən uşağın valideynləri: "Həmin müəllimi tapmaq lazımdır"
22 may 2014 20:11 (UTC +04:00)

Döyülən uşağın valideynləri: "Həmin müəllimi tapmaq lazımdır"

Suraxanı rayonunda yerləşən 7 saylı xüsusi internat məktəbində baş verən qalmaqal böyüyür. Sosila şəbəkələrdə uşağın döyülməsi ilə bağlı video-görüntü yayılandan sonra məsələ əsas müzakirə mövzularından birinə çevrilib.
 
APA TV-nin xəbərinə görə, döyüldüyü iddia edilən 7 yaşlı Nihad Cavadovun babası Racəddin Cavadov məlumatı təkzib edib və bildirib ki, o, həmin gün məktəbə gəlib, uşaqla söhbət edib. Nihad yıxıldığını söyləyib: "Atası-anası, mən gəldik, burda danışdırdıq. Uşaq deyir, özüm yıxılmışam. Yıxılan gün həkim çağırdı, uşağı özüm dindirmişəm. Onu hansısa müəllimə öyrədir. Çəkəni tapmaq lazımdır. Mənim nəvəm yıxılıb, niyə onu internete verib?"
 
Racəddin Cavadovun nəvəsi Nihaddan müsahibə almaq üçün onu çölə çıxarmaqla bağlı xahişimizə müsbət yanaşsa da, vədinə əməl etməyib. İçəri keçəndən bir-iki saatdan keçdikdən sonra Racəddin Cavadov çölə çıxıb, ancaq Nihatsız: "Uşağı hər dəqiqə çıxartmaq lazım deyil. Bir dəfə uşaq çıxardılıb, baxılıb. Bayaq da dedi ki, zarafat eləyib".
 
Daha sonra isə hadisə yerindən Nahid Cavadovun anası və atası ilə telefon əlaqəsi saxladıq. Bildirdilər ki, uşağı kimlərsə öyrədir. Anası belə deyib: "Uşaq öyrədilir. Biz orda olmuşuq, deyir ki, yıxılmışam. Onu öyrədən adamı tapmaq lazımdır".
 
Atası da eyni sözləri təkrarlayır: "Uşaq mənim yanımda deyir ki, yıxılmışam, gedir ora nə deyirlərsə, deyir, döyüblər ".
 
Təhsil Nazirliyinin İnistutlaşdırma və uşaqların müdafiəsi idarəsinin rəsi Məlahət Hacıyeva bildirib ki, nazirin əmri ilə komissiya yaradılıb: "Komissiya öz işinə başlayıb. Hazırda məktəbdə iş fəaliyyəti tam normal şəraitdə davam edir. Hər hansı problem yoxdur".
 
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə deyir ki, bu məslə şəxsən nazir Mikayıl Cabbarovun diqqət mərkəzindədir. Ekspertizanın rəyindən sonra məlumat veriləcək: "Mən söz verirəm ki, sizin bu kameraların önündə bütün təfsilatı ilə biz bunları aydınlaşdıracağıq. Uşağın özü ilə də görüşdüm, özünü çox yaxşı hiss edir. Müəyyən materiallar araşdırma aparıldıqdan sonra yəqin ki, siz uşaqlada görüşə biləcəksiniz. Bu məsələ şəxsən nazir Mikayıl Cabbarovun da diqqət mərkəzindədir. Ekspertizanın rəyindən sonra məlumat veriləcək".
 
Məktəblərdə təhlükəsizlik kameraları quraşdırılmasına rəğmən, bu kimi halların araşdırılmasında nə üçün kamera görüntülərindən istifadə olunmamasına Cəsarət Valehovun cavabı belə olub: "Hadisə ayaqyolunda baş verib, bu kimi yerlərdə isə etik səbəblərdən kameralar quraşdırılmır. Ümumilikdə, kamera müəyyən yerlərdə quraşdırılır. Məsələn yemək yeyilən yerdə. Uşaq danışdırılan yer sinif otağıdır. Mən bilən, hər sinif otağına kamera qoyulmur".
 
Məsələyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da münasibət bildirib. Məsələni diqqətdə saxladıqlarını deyən komitə sədri əlavə edib ki, kimsə cinayətə yol veribsə, cəzalandırılacaq.
 
Baş Prokurorluqdan isə bildirilib ki, Nahid Cavadovun döyülməsi ilə əlaqədar Suraxanı rayon Polis İdarəsində toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün Suraxanı Rayon Prokurorluğuna göndərilib. Material üzrə müvafiq ekspertizalar - məhkəmə-tibbi, məhkəmə-psixoloji ekspertizaları təyin olunub, zəruri izahatlar alınıb. Ekspertizaların rəyi alındıqdan sonra toplanmış sübutlara hüquqi qiymət verilməklə, qanunamüvafiq qərarın qəbul olunması təmin ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1540
avatar

Oxşar yazılar