Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Daxili Qoşunların bir ay əvvəl hərbi xidmətə çağırılan əsgərinin ölməsi ilə faktı bağlı həyata keçirdiyi ilkin araşdırmaların nəticələrini açıqlayıb.
Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzinin baş zabiti Nurəddin Heydərov APA-ya açıqlamasında qeyd edib ki, həmin çağırışçı xidmətin Qusar rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılarkən hərbi həkim komissiyası tərəfindən müayinə olunub. Bu zaman onun səhhətində hər hansı problem, yaxud hər hansısa patologiya aşkarlanmayıb: “Eləcə də çağırışçının özü, yaxud valideynləri tərəfindən uşağın sağlamlığında hər hansı probleminin olması ilə bağlı xidmətə heç bir şikayət ünvanlanmayıb. Çağırışçı sağlam olaraq hərbi xidmətə göndərilib və hərbi hissəyə təhvil verilib. Onu da qeyd etmək zəruridir ki, bütün qoşun növlərində çağırışçılar təhvil alınarkən yenidən tibbi müayinədən keçirilirlər. Onların səhhətində hər hansı şübhəli məqam aşkar olunarsa, geri qaytarılırlar. O əsgərdə də belə bir problem yaşanmayıb” - deyə N. Heydərov bildirib.
N. Heydərov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rəhbərliyi adından dünyasını dəyişən əsgərin yaxınlarına dərin hüznlə baş sağlığı verib və səbir diləyib.
Qeyd edək ki, Daxili Qoşunların “N” saylı hərbi hissəsinin əsgəri, 18 yaşlı Məmmədov Samiq Sultan oğlu xəstəlikdən dünyasını dəyişib.
Daxili Qoşunların mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, ötən gün əsgər S. Məmmədov hemoragik vaskulitin sürətli gedişi diaqnozu ilə Daxili Qoşunların hospitalına daxil olub. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
S. Məmmədov bu ilin aprel ayında Qusar rayonundan həqiqi hərbi xidmətə çağırılıb.