Dövlət Sərhəd Xidmətinin (DSX) təlim mərkəzində “Azərbaycan Respublikasının ərazisinə düşmənin qoşun qruplarının hücumlarının qarşısının alınması, terror-təxribat qruplarının zərərsizləşdirilməsi” mövzusunda döyüş atışlı taktiki təlimlər keçirilib.
DSX-nın Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, təlimlərə DSX-nın çevik hərəkət bölmələri, döyüş helikopterləri, müasir zirehli texnika, artilleriya və zenit-raket kompleksləri cəlb olunub. Təlimlər zamanı sərhəd dəstəsi, komendantlıq, zastava və xüsusi təyinatlı bölmənin şəxsi heyəti xüsusi şəraitə keçirilməklə şərti düşmənin dövlət sərhədini pozmuş terror-təxribat qrupu zərərsizləşdirilib. Terror-təxribat qrupunu dəstəkləmək üçün dövlət sərhədini pozaraq hücuma keçmiş şərti düşmənin canlı qüvvəsi DSX Aviasiya Dəstəsinin döyüş helikopterlərindən açılan atəşlə uzaq məsafədən məhv edilib. Şərti düşmənin dövlət sərhədini pozmuş 2-ci terror-təxribat qrupu hərbi-desant helikopterlərindən endirilən xüsusi təyinatlılar tərəfindən məhv edilib. Bundan sonra şərti düşmənin helikopterin dəstəyi ilə döyüşə yeritdiyi qoşun qrupu zirehli döyüş maşınları və zenit qurğuları ilə, hava hədəfi isə daşınan zenit-raket kompleksləri vasitəsilə zərərsizləşdirilib. Xüsusi təlim keçmiş xidməti itlər və müasir tipli axtarış avadanlıqları vasitəsilə axtarışın keçirilməsi, yaralıların təxliyə edilməsi tapşırıqları da uğurla icra edilib.
Təlimlərdə zenit-artilleriya qurğularından, iri çaplı pulemyotlardan və müxtəlif tipli raket qurğularından döyüş atışları müvəffəqiyyətlə keçirilmiş, şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirilmiş, müasir döyüşün aparılması üzrə hərəkətlərin təkmilləşdirilməsi, qarşılıqlı əlaqənin təşkili məsələləri tam həcmdə yerinə yetirilib.
Təlimlər Baş nazirin 1-ci müavini Yaqub Eyyubov və Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev tərəfindən yüksək qiymətləndirilib, Azərbaycan Sərhəd Mühafizəsinin şəxsi heyətinin ölkə prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər bir döyüş tapşırığını şərəflə icra etməyə daima hazır olması xüsusi vurğulanıb.
Təlimlərin sonunda fərqlənən hərbi qulluqçular təltif olunub.
Qeyd edək ki, təlimlər 13-14 avqust tarixlərində keçirilib.