Daxili İşlər Nazirliyi Bakıda Bakı-Moskva sərnişin qatarının törətdiyi qəza ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 7-də saat 22.55 radələrində Zabrat-Pirşağı yolunun 29-cu kilometrliyində qorunmayan keçiddə Samux rayon sakini Habil Quliyev idarə etdiyi "Shacman" markalı avtomaşını Bakı-Moskva sərnişin qatarına vurub.
Nəticədə xəsarət alan H. Quliyev, habelə maşinist Tofiq Dünyamalıyev, maşinist köməkçisi Şəmsəddin Babayev və vaqon bələdçisi, Rusiya Federasiyası vətəndaşı Aleksandr Qusev xəstəxanaya yerləşdiriliblər. H. Quliyevin, T. Dünyamalıyevin, Ş. Babayevin vəziyyətləri qənaətbəxşdir, A. Qusevə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Qatarların hərəkəti mayın 8-də saat 02.15 radələrində bərpa olunub.
Baş vermiş qəza ilə bağlı Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.