Daxili İşlər Nazirliyi fevralın 23-də saat 11 radələrində Yevlax rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, Aran qəsəbəsində Bərdə rayon sakini Vilayət Qədirovun idarə etdiyi “Toyota” və Şəki rayon sakini Nüsrət Səmədovun “Amico” markalı avtomobillər toqquşub. Nəticədə Vilayət Qədirov və sərnişinləri, Bərdə rayon sakini Sevil Qədirova, Bakı şəhər sakinləri Zahirə Rəşidova və Şahin Ağayev hadisə yerində ölüb.
Dünən saat 23 radələrində Cəlilabad rayonunda da ağır yol qəzası olub. Alar kəndində Masallı rayon sakinləri Elmar Əkbərovun idarə etdiyi “Forland” və Zamin Nurəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə Z.Nurəliyevin sərnişinlərindən həmyerliləri Aslan İsmayılzadə, Zamin Abdullayev və Cəlal Məhərrəmov hadisə yerində ölüb, özü və digər sərnişini, habelə E.Əkbərov xəstəxanaya yerləşdirilib.
Hər iki faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.