Saatlı rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın əldə etdiyi məlumata görə, 1 mart 1998-ci ildə anadan olmuş Gülmalıyev Süleyman Səttar oğlu və 1 fevral 1989-cu il təvəllüdlü Rəhimov Məhərrəm Zöhrab oğlu qoyun otararkən gölə düşüblər.
Bildirilib ki, hər iki şəxs Quba rayonunun Qalaxudat kəndinin sakinidir və hər il olduğu kimi mal-qaranı Saatlı rayonunun Sımadakənd kəndi yaxınlığındakı qışlağa gətirirmiş. Martın 4-də qışlağın yaxınlığında qoyun otararkən gənclərdən birinin ayağı sürüşüb və gölə düşüb. Daha sonra ona kömək etmək istəyən digər çoban da gölə düşərək boğulub.
Yaxınları bildiriblər ki, onların heç biri üzməyi bacarmırmış. Göl dərin olduğundan və suyun dibini sıx yosunlar tutduğundan hər iki şəxs xilas ola bilməyib.
Araşdırmalar davam etdirilir.
*****
12:16
Daxili İşlər Nazirliyi Saatlıda iki nəfərin ölümü ilə nəticələnən hadisə ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 4-də Quba rayon sakinləri Süleyman Gülmalıyev və Məhərrəm Rəhimov Saatlı rayonunun Sımadakənd kəndində çoban olduqları fermanın yaxınlığındakı gölə düşərək boğulub.
Araşdırma aparılır.