Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun Məmmədovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən C.Məmmədovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası 70-ci maddə tətbiq olunmaqla şərti hesab edilib. C.Məmmədov məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, C.Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.