Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi davam edib. Təqsirləndirilən Miryusif Mahmudov bildirib ki, anloloji yanğın hadisəsi 2012-ci ildə Tibb Universitetinin Cərahiyyə Korpusunda da baş verib: "Məlum oldu ki, Cərahiyyə Korpusundakı üzlənmə materialları Çindən gətirilib. Yoxlamalar nəticəsində çin malının asan yanan, bizim materialın isə çətin yanan olması müəyyən edildi. Əgər həmin vaxt bizim qəliblədiyimiz materiallar pis olsaydı işimizi bağlayardılar. Elə o yanğın zamanı da xəsarət alan da var idi, dövlətə də ciddi ziyan da dəymişdi. Niyə Çin şirkətinin hər hansı bir işçisi və ya təsisçilərindən heç kim məsuliyyətə cəlb edilmədi?".
Hakim isə deyib ki, Binəqədidəki binanın yanması ilə bağlı günahı olanlar cəzalandırılacaq, günahsızlara isə bəraət veriləcək. Proses dekabrın 6-da davam etdiriləcək.
Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib. Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.