Bu gecə Bakıda yol qəzası törədib hadisə yerindən uzaqlaşan sürücünün kimliyi məlum olub. Lent.az-ın məlumatına görə, saat 23:30 radələrində Bibiheybət şossesində «Su İdmanı sarayı»nın qarşısında 1983-cü ildə anadan olmuş Bağırov Vüsal Nasim oğlunun sürdüyü “VAZ 2106”nı vuran "BMW"nin sürücüsünün 1994-cü il təvəllüdlü Məmmədov Kamran Əlitürbə oğlu olması müəyyən edilib. Məlum olub ki, o, Neftçala rayon sakinidir və Nərimanov rayonunda kirayə yaşayır.
Bildirilir ki, qəzada hər iki sürücü, eləcə də V.Bağırovun həyat yoldaşı, 1984-də anadan olmuş Bağırova Şəfəq Əsəd qızı, övladları 2011-ci ildə anadan olmuş Bağırov Emil Vüsal oğlu və 2008-ci idə anadan olmuş Bağırov Anar Vüsal oğlu müxtəlif dərəcəli zədələrlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Araşdırma aparılır.
*****
04:36
Bakıda bir ailənin 4 üzvünün xəsarət alması ilə nəticələnən qəza baş verib.
APA-nın məlumatına görə, hadisə Bakının Səbail rayonu, Yeni Salyan şosesində qeydə alınıb. Bakı Su İdman Sarayının yaxınlığındakı ara küçə ilə Yeni Salyan Şosesinə daxil olan BMW markalı avtomobilin sürücüsü “yol ver” nişanının tələbini pozaraq hərəkəti davam etdirib. BMW bu zaman şose ilə şəhər istiqamətində hərəkətdə olan Vüsal Bağırova məxsus "VAZ 2106" markalı avtomobilə çırpılıb.
"VAZ 2106" zərbənin təsirindən deformasiyaya uğrayıb. Qəzadan sonra hadisəni törədən BMW markalı avtomobilin sürücüsü və sərnişinləri ərazidən uzaqlaşıblar. Qəza nəticəsində xəsarət alan bir ailənin üzvləri - "VAZ 2106"nın sürücüsü Vüsal Bağırov, həyat yoldaşı Şəfəq Bağırova və azyaşlı övladları Anar və Emin xəstəxanaya çatdırılıblar. Həkimlər onların vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
Faktla əlaqədar Səbail Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.