Biləsuvar rayonunda uşaq ölümü faktı qeydə alınıb.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə baş verib. Rayonun Ovçubərə kənd sakini, 8 uşaq anası olan 40 yaşlı Səmayə Nuruyeva doğuş sancıları ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının Doğum Şöbəsində qəbul edilib.
Doğum Şöbəsindən verilən məlumata görə, doğuşdan əvvəl həkimlərin apardıqları müayinə zamanı məlum olub ki, ananın bətnindəki döl ölüdür. Təbii üsulla aparılan doğuş prosesi zamanı uşaq ölü dünyaya gəlsə də, ananın səhhətində hər hansı problem yaranmayıb.
Səmayə Nuruyevanın həyat yoldaşı isə uşağın həkimlərin səhlənkarlığı ucbatından ölü doğulduğunu iddia edir. Qadın özü isə bətnindəki 9 aylıq uşağın ölü olduğunu hiss etmədiyini, bunun onun səhhətində hər hansı problem yaratmadığını bildirib.
Həkimlər isə uşağın xəstəxanada deyil, ana bətnində bir neçə gün əvvəl öldüyünü deyiblər. Onlar bunu döldə müxtəlif patologiyaların olması ilə izah ediblər.
Hazırda ananın vəziyyəti qənaətbəxşdir.