Bakıda sərxoş vəziyyətdə bibisi oğlunu qətlə yetirməkdə təqsirli bilinən Cavidan Seyfullayevin cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı noyabrın 21-nə təyin edilib.
Qeyd edək ki, bu ilin mayın 8-də Xətai rayonunun M.Hadi küçəsində naməlum şəxs Masallı rayon sakini Musa Nurullayevi bıçaqla qətlə yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Cavidan Seyfullayev tutulub. Məlum olub ki, hadisədən əvvəl Cavidan Seyfullayev bibisi oğlu Musa Nurullayev kafelərdən birində yeyib-içiblər. Daha sonra içkili onlar qohumlar metronun qarşısında gəzişiblər. Sərxoş olan qohumların şit zarafatları bir-birlərinin xoşuna gəlməyib. Bu zaman Cavidan bıçaqla Musa Nurullayevi vurub. Cavidan Seyfullayev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunur.