Bu gün Bərdədə Yuxarı Qarabağ kanalında batan qardaşlardan ikincisinin də meyiti tapılıb.
APA-nın Qarabağ müxbirinin xəbərinə görə, Bəcirəvan kəndi ərazisində “VAZ 21011” markalı maşının kanala düşməsi nəticəsində boğulan qardaşlardan 13 yaşlı Əsədov Mirələm Qulu oğlunun meyiti hadisənin baş verdiyi yerdən 35 km aralıda, Ağcabədinin Avşar kəndi ərazisində sudan çıxarılıb.
Qeyd edək ki, avqustun 26-da saat 02 radələrində Bərdə rayon Bəcirəvan kənd sakini Abdullayev Akif Şahmalı oğlunun idarə etdiyi "VAZ 21011" markalı avtomobil kəndin ərazisindən keçən Yuxarı Qarabağ kanalına aşıb. A. Abdullayev sudan çıxa bilsə də, qardaşının avtomobildə olan nəvələri - 11 yaşlı Asif Əsədov və 13 yaşlı Mirələm Əsədov kanalda boğulublar. Dünən Bəcirəvan kəndi ərazisində “VAZ 21011” markalı maşının kanala düşməsi nəticəsində boğulan qardaşlardan 11 yaşlı Asif Əsədovun meyiti hadisənin baş verdiyi yerdən 25 km aralıda - Ağcabədi rayonun "4 Yol" adlanan ərazisində sudan çıxarılıb.