Bayram günlərində Azərbaycanda baş verən yol qəzalarının statistikası açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, martın 20-dən 26-na qədər respublikanın avtomobil yollarında 91 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Nəticədə 17 nəfər ölüb, 131 nəfər xəsarət alıb.
K. Əliyev qəzaların minimuma endirilməsi məqsədilə respublika ərazisində reydlər keçirildiyini bildirib. Aparılan reydlər zamanı 29 min inzibati xəta faktı aşkar edilib.
Bununla belə, dövlət yol polisi əməkdaşları tərəfindən sərxoş vəziyyətdə nəqliyyat vasitələrini idarə edən 610 sərxoş sürücü, sürət həddini aşan 11 min nəfər və sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edən 77 sürücü barəsində inzibati protokol tərtib edilib.