Baş Prokurorluq Milli Şuranın sentyabrın 22-də paytaxtın Yasamal rayonu ərazisində rayon İdman Sağlamlıq Kompleksinin stadionunda keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq yayıb.
Lent.az-ın azvision.az-a istinadən məlumatına görə, xəbərdarlıqda qeyd olunub ki, mitinq zamanı toplantının təşkilatçıları və iştirakçıları tərəfindən odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və əmlaka zərər vura bilən əşyalardan istifadə etmək qadağandır.
Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə kütləvi aksiya keçirilməsinə cəhd göstəriləcəyi təqdirdə ictimai qaydanı pozmaqla və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqla ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada alınacaq və kütləvi aksiyaların təşkilatçıları barədə müvafiq tədbirlər görüləcək.