APA -nın məlumatına görə, hadisə Azadlıq prospekti ilə Salatın Əsgərova küçəsinin kəsişməsində qeydə alınıb. Azadlıq prospekti ilə hərəkət edən "Nissan"ın sürücüsü Salatın Əsgərova küçəsində işıqforun qırmızı işığına məhəl qoymayan "Mercedes"lə toqquşub. Nəticədə "Nissan"ın sürücüsü Alyona Qeroşina xəsarət alıb. Maşınlara isə ciddi ziyan dəyib.
Yaralı sürücü hadisə yerinə çağırılmış təcili yardım vasitəsi ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. "Mercedes"in sürücüsü isə hadisə yerindən qaçıb.
Hadisə yerinə Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsinin əməkdaşları gəlib. Qəzanın səbəbkarı yaxınlıqdakı "Təhlükəsiz Şəhər" kamerasının qeydə aldığı görüntülərin araşdırılmasından sonra müəyyən olunacaq.