Bu gün Bakıda baş verən yanğın zamanı ana və iki azyaşlı övladı təxliyə edilib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kvadratmetr olan 2 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən qonşu mənzildən 2 azyaşlı uşaq və ana təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.