Bakıda xəstəxanada baş vermiş dava-dalaşla bağlı yeni məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Xətai rayonu Rəşid Bağırov küçəsi 30 ünvanında yerləşən 2 saylı Vərəm Dispanserində dava salan Nəcməddin adlı şəxsin həyat yoldaşı xəstəxanada müalicə olunurmuş. O, həyat yoldaşının yanına gələrkən hələlik tam dəqiqləşməmiş səbəblərdən digər xəstə ilə dalaşıb və onu döyməyə başlayıb. Daha sonra palataya növbətçi həkim Qılman Babayev və digər həkimlər gəlib. Əvvəllər məhkum edilmiş Nəcməddin adlı şəxs həkimlərə də xuliqanlıq zəminində zərbələr endirib.
Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.
*****
31 mart 16:01
Bakıda yerləşən ixtisaslaşmış xəstəxanalardan birində insident baş verib. Lent.az-ın məlumatına görə, R.Bağırov küçəsi-30 ünvanında yerləşən 2 saylı Vərəm Dispanserində həkimlər xuliqanlıq zəminində döyülüb. 37-ci Polis Bölməsinə müraciət edən 1960-cı il təvəllüdlü Babayev Qılman Əli oğlu və 1963-cü il təvəllüdlü Abdulzaqov Sübhan Rza oğlu bildirib ki, xəstəxanada Nəcməddin adlı şəxs xuliqanlıq zəminində onları döyərək xəsarət yetirib.
Həkimlərin müraciəti ilə bağlı müvafiq araşdırmalar aparılır.