APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində, Bakıxanov qəsəbəsində qeydə alınıb.
Xəlilbəy Xasməmmədov küçəsi ilə yüksək sürətlə hərəkət edən "Mercedes" markalı, 90 FM 468 dövlət nömrə nişanlı avtomobil idarəetmənin itirilməsi nəticəsində əvvəlcə işıq dirəyinə sonra isə ağaca çırpılıb. Zərbənin gücündən ağac kökündən çıxıb. Daha sonra minik avtomobili səkidə dayanmış "ZİL" markalı yük maşınına dəyib.
Qəza nəticəsində "Mercedes"in sürücüsü, 1972-ci il təvəllüdlü Mustafayev Rafael Şahin oğlu dünyasını dəyişib. Sürücünün meyiti deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər. Onlar Rafael Mustafayevin meyitini avtomobildən çıxarıblar.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.