Bakıda müğənninin qətlinin təfərrüatları məlum olub. Hüquq-mühafizə orqanından verilən ilkin məlumatda bildirilirdi, Samir Mustafayev mənzilə oğurluğa girən şəxs kimi öldürülüb. Qətli törədən 16 yaşlı Aydın Orucov gecə saatlarında yaşadığı evin ikinci mərtəbəsindən aşağı düşüb. Birinci mərtəbədə, anası yatan mərtəbədə səs eşidib. Evə oğru girməsindən şübhələnən Aydın əlinə bıçaq götürərək içəri keçib. O, evdə Samirlə rastlaşıb. Onların arasında dava düşüb. Aydın bıçaqla Samirə iki zərbə vursa da, onu əlindən buraxıb.
Samir evdən zorla çıxaraq ayaqyalın qaçmağa başlayıb. Onu təqib edən Aydın Samiri “Papanin” körpüsünün altında tutub. Orada da əlbəyaxa olublar. Samir fiziki cəhətdən güclü olduğundan Aydının boynunu qolları arasına alaraq sıxıb. Boğulduğunu görən Aydın bıçala ona yenidən bir neçə zərbə vurub. Zərbələrdən sonra Aydını buraxan Samir taksiyə minib və sürücüyə 1 saylı Şəhər Xəstəxanasına sürməsini əmr edib. Taksi xəstəxanaya çatanadək Samir maşında keçinib.
Aydın polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Aydın ifadəsində Samiri evlərinə məhz oğurluğa girməsinə görə vurduğunu deyib. Lakin istintaqçılar Samirin mobil telefonuna gələn sms-lərdən sonra qətlin əsl mahiyyətini ortaya çıxarıblar.
Məlum olub ki, Samirin telefonunda son sms Aydının anası tərəfindən yazılmış “Qapı açıq olacaq, girərsən içəri” olub. Bu sms-dən sonra Samirin Aydıngilin evinə hansı məqsədlə getməsi aydınlaşır.
Aydının hüquq mühafizə orqanının zabiti olan atası isə hadisə vaxtı xidməti işi ilə bağlı ezamiyyətdə olub. Hadisəyə səbəbkar olan qadın isə evdəki pul və qızılları götürərək, həyat yoldaşının səfərdən qayıtmasını gözləmədən ata evinə gedib.
Tutulandan sonra öldürdüyü Samirin anası ilə münasibəti olduğunu bilən Aydının sözləri belə olub: “Bilsəydim, ikisinin də başını kəsərdim”.
Aydın Orucov orta məktəbin 11-ci sinif şagirdidir.
Nəsimi rayon Prokurorluğundan bildirilib ki, hazırda istintaq getdiyindən hadisənin təfərrüatı barədə açıqlama verilmir.
milli.az