Tanınmış şair-dramaturq, tərcüməçi, əməkdar incəsənət xadimi İslam Səfərlinin bir vaxtlar yaşadığı binaya vurulmuş barelyefi oğurlanıb. Lent.az-ın məlumatına görə, İslam Səfərlinin oğlu, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Ağsaqqallar Şurasının üzvü İlham Səfərli polisə müraciət edərək bildirib ki, Həsən Seyidbəyli 30 ünvanındakı binanın qarşısına quraşdırılmış barelyef naməlum şəxs və ya şəxslər tərəfindən götürülüb.
İ.Səfərli barelyefin təmirə götürüldüyünü ehtimal etsə də, bu, təsdiqini tapmayıb və onun oğurlanması qənaətinə gəldikdən sonra Səbail rayon Polis İdarəsinə müraciət edib.
İlham Səfərli Lent.az-a açıqlamasında bildirib ki, oğurluq hadisəsi oktyabrın 1-nə keçən gecə baş verib: “Çünki mən sentyabrın 30-da barelyefi orda görmüşdüm. Dünən səhər isə məlum oldu ki, lövhəni oğurlayıblar. Özü də elə səliqə ilə çıxarıb aparıblar ki... Dərhal qonşulardan soruşdum, mənzil istismar sahəsindən maraqlandım. Heç kimin xəbəri olmadı”.
Tanınmış şairin oğlu əlavə edib ki, barelyef 1996-cı ildə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə qoyulub və mis materialdan tökmə üsulu ilə hazırlanıb. O, xatirə lövhəsinin metal yığan tərəfindən oğurlandığını ehtimal etdiyini deyib.
Müraciət əsasında araşdırmalar aparılır.