Bakıda zibillikdən tapılan uşaqla bağlı bəzi məqamlar üzə çıxıb. Nəsimi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, körpə mayın 9-da zibillikdən deyil, Xəzər rayonu 2-ci polis bölməsinin ərazisində küçədən tapılıb.
Bəzi mənbələrdə bildirildiyi kimi, körpə tapılarkən 26 günlük deyil, 2 aylıq olub. O, dərhal 1 saylı Körpələr Evinə təhvil verilib.
Prokurorluqdan o da bildirilib ki, körpənin adı xəbərlərdə qeyd edildiyi kimi Nigar deyil, Nərmin Əliyevadır. Bu soyadı ona 1 saylı Körpələr Evinin müdiri Nəhayət Əliyeva verib.
Nəhayət Əliyeva Lent.az-a açıqlamasında hazırda 3 aylıq olan Nərminin qızdırma diaqnozu ilə Qarayev adına uşaq xəstəxanasında müalicə aldığını deyib.